◊   İSLAM BİRLİYİ SAYƏSİNDƏ TERRORA KÖKLÜ HƏLL   

ABŞ və 11 sentyabr

 

11 sentyabr tarixində Nyu York Dünya Ticarət Mərkəzinə və Pentaqona təşkil edilən, minlərlə günahsız insanın ölümünə, bir çox insanın da yaralanmasına səbəb olan hücum, dünya quruluşunun yenidən formalaşacağı bir dövrün başlanğıcı oldu. Bir çox nəzəriyyəçi tərəfindən müxtəlif fikirlər ortaya atıldı. Bir qisim mütəxəssislər bu terror hücumunun daha böyük qarşıdurmalara səbəb olacağını irəli sürdüyü halda, böyük bir qisim də ABŞ-ın bundan sonra etidallı və ədalətli bir siyasət tətbiq etməsinin vacib olduğuna diqqət çəkdilər.

 

Həlli yaxşı təsbit etmək

 

Hücumdan sonra Amerika Birləşmiş Ştatları terrora qarşı irimiqyaslı bir mübarizə başlatdı. Demək olar ki, bütün dünya ölkələri və beynəlxalq birliklər ABŞ-a bu mübarizəsində dəstək oldular. Terrora və terrora dəstək verən bütün ünsürlərə qarşı aparılan bu mübarizədə, əsasən hərbi tədbirlərə əl atıldı. Ancaq bu gün gəlinən nöqtədə, bəzi müvəffəqiyyətlərin əldə edilməsinə baxmayaraq, bəhsi keçən mübarizənin qəti şəkildə həll oluna bilmədiyi açıq şəkildə görünür.

 

Bunun əsas səbəblərindən biri, terrorla mübarizə strategiyasının -böyük ölçüdə- hərbi tədbirlər çərçivəsində təyin olunması, təhsil və mədəniyyət sahəsində hərbi mübarizəni dəstəkləyəcək lazımi təşəbbüslərin kifayət qədər edilməməsidir. Halbuki, bir sosial-psixoloji və ideoloji problem olan terroru; yalnız "terrora dəstək olan rejimlərin dəyişdirilməsi" kimi hərbi üsullarla həll etməyə çalışmaq yanlışdır. Bu, həmçinin, insanların da həyatlarını itirəcəkləri bir faciə, həm də radikalizmi və bu səbəbdən də terrorizmi qidalandıran yeni bir amil olar. Terrorun tam mənasıyla aradan qaldırılması, ancaq terrorist qrupların təbliğatlarını təsirsiz hala gətirəcək fikri bir mübarizəylə mümkündür, hərbi mübarizə isə müəyyən bir yerə qədər fayda verə bilər.

 

ABŞ İslam Birliyini dəstəkləməlidir

 

Həmçinin, ABŞ-ın problemi "kənardan" həll etməyə çalışması da istənilən nəticəni verməyəcək. Problem, İslam əxlaqının bəzi insanlar tərəfindən yanlış başa düşülməsi və ya təhrif edilməsindən ötrü yarandığına görə, həll də İslam aləmindən gəlməlidir. İslam əxlaqının doğru başa düşülməsi və İslamı səhv başa düşüb tətbiq edənlərin bundan məhrum edilməsi, müsəlmanlar tərəfindən edilə biləcək bir işdir. ABŞ-ın bu mövzuda tətbiq edəcəyi siyasət, İslam aləmindən gələcək bir həlli -başından bəri üzərində dayandığımız kimi, bu həll İslam Birliyinin yaradılmasıdır- dəstəkləməsi, bunun yolunu açması olmalıdır.

 

İslam Birliyinin Yaxın Şərqə gətirəcəyi daimi həll

İslam Birliyinin Yaxın Şərqdəki Ərəb-İsrail qarşıdurmasına da gətirəcəyi çox əhəmiyyətli bir həll var. İslam ölkələrinin ortaq bir strategiya tətbiq etməsi, İsrailə Yaxın Şərqdə on illərdir ki, tətbiq etdiyi "davamlılıq üçün parçalama" strategiyasının və ya bir İslam ölkəsini digərinə qarşı tarazlıq ünsürü olaraq istifadə etmək kimi taktikaların bir nəticə verməyəcəyini göstərəcək. Bu da İsraili Yaxın Şərqdə həqiqi bir sülh yaratmağa yönəldəcək. İsrail bu vəziyyətdə 1967-ci il döyüşündə işğal etdiyi bütün bölgələrdən çəkilməyə və ərəb qonşularıyla sülh içində yaşamağa razı ola bilər. Bu, ərəblər üçün olduğu qədər İsrailli yəhudilər üçün də ən doğru həlldir.

 

İslam Birliyinin İsrailə təqdim edəcəyi həll

 

1) İsrailin (Şərqi Qüds də daxil olmaqla) işğal etdiyi bütün torpaqlardan çəkilməsi və İsrail ilə bütün ərəb ölkələri arasında sülhün təmin edilməsi,

2) Fələstin torpaqlarının Fələstinin hakimiyyətində qalacaq hissəsində (məsələn, Şərqi Qüdsdə, Əl-Xəlildə və İordan çayının qərb sahilindəki digər şəhərlərdə), yəhudilərin ibadət yerlərinin diqqətlə qorunması və yəhudilərin (və əlbəttə ki, xristianların da) bura sərbəst gediş-gəliş hüquqlarının olması,

3) İslam Birliyinin İsrail vətəndaşlarına qarşı hər cür terrorist hərəkatın və hücumun qarşısını alması,

4) İslam Birliyinin istər Yaxın Şərqdə, istərsə də dünyada anti-semitizmə qarşı mübarizə aparması, yəhudi camaatlarının dinclik və təhlükəsizliyinin müdafiəsi kimi təməllərə əsaslana bilər. Belə əhatəli bir sülh planı tətbiq edildikdə, bir əsrdir ki, dinclik görməyən Yaxın Şərqə sülh və sabitlik gələcək, on illərdir ki, silahlara və müharibələrə xərclənən pullar insanların xoşbəxtliyi, rifahı, sağlamlığı, təhsili üçün xərclənəcəkdir.

ƏSAS SƏHİFƏ