◊   İSLAM BİRLİYİNİN MÜSƏLMANLARA QAZANDIRACAQLARI   

 Gözəl əxlaqa əsaslanaraq yaradılacaq İslam Birliyi, bütün dünyada ədalət, dinclik və əmin-amanlığın kök salmasına vəsilə olacaq.

 

20-ci əsrin ikinci yarısında başda Fələstin olmaqla Bosniya, Kosova, Qarabağ, Kəşmir, Açe kimi bölgələrdə baş verən hadisələr müsəlman aləmini əhəmiyyətli bir həqiqətlə üzləşdirmişdir. Minlərlə vətəndaşın həyatını itirdiyi, uşaqların yetim qaldığı, vəhşiliyin və zorakılığın ən yüksək səviyyəyə çatdığı bu bölgələrdə, Qərb dünyası, baş verən insanlıq faciəsinə ya heç bir reaksiya verməmiş, ya da çox gec reaksiya vermiş və lazımi tədbirlərin alınması mövzusunda ləng davranmışdır. Bu vəziyyət, İslam aləminin boynuna götürməli olduğu məsuliyyəti müsəlmanlara bir dəfə daha xatırlatmışdır: Müsəlman xalqlarının hüquqlarının qorunması, ehtiyaclarının nəzərə alınması hər kəsdən əvvəl digər müsəlmanların məsuliyyətidir və İslam aləminin bu mövzuda olduqca aktiv və çevik olması zəruridir. Müsəlman ölkələrin bütün müsəlmanların təhlükəsizliyini zəmanət altına ala biləcək bir güc halına gəlməsi, ancaq İslam aləminin beynəlxalq siyasət sahəsində tək bir səs olaraq təmsil edilməsiylə mümkün olacaq. İslam aləmi hərbi, siyasi və iqtisadi cəhətdən vahid olmaq məcburiyyətindədir.

 

Vəziyyət belə olduğu halda, İslam aləmində lazım olan birlik və bərabərlik hələ də tam mənasıyla təmin edilməmişdir. Avropanın demək olar ki, bütün dövlətləri, siyasi, iqtisadi və mədəni bir birlik olan "Avropa Birliyi" təşkilatı altında toplanmış olduğu halda; Müsəlmanlar kifayət dərəcədə əməkdaşlıq edə bilməmişlər.

 

Hətta yaxın keçmişdə bəzi İslam ölkələri arasında dərin anlaşılmazlıq və ixtilaflar yaşanmışdır. İran-İraq müharibəsi, İraqın Küveyti işğal etməsi, Pakistan-Banqladeş döyüşü kimi müsəlman ölkələri arasında baş verən döyüşlər yaşanmışdır. Müsəlman ölkələrində çox vaxt etnik və siyasi problemlərdən ötrü yaşanan vətəndaş müharibəsi və qarşıdurmalar da məsələn, Əfqanistanda, Yəməndə, Livanda, İraqda və ya Əlcəzairdə olduğu kimi İslam aləminin, doğru vəziyyətdə olmadığını açıq şəkildə göstərir.

 

Birlik ruhunu yaşatmaq

 

Uca Rəbbimiz Allah, bütün müsəlmanların tam bir birlik ruhu içində yaşamalarını və hərəkət etmələrini əmr etmişdir. Uca Rəbbimiz müsəlmanların "sanki bir-birlərinə pərçimlənmiş bir bina kimi" (Saff surəsi, 4) olmalarını bildirmiş və belə buyurmuşdur:

 

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!...”(Ali İmran surəsi, 103)

 

Uca Rəbbimiz müsəlmanların birlik olmadıqları təqdirdə güclərinin azalacağını isə Qurani Kərimdə belə bildirmişdir:

 

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa dağılıb zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)

 

Bu ayədə hal-hazırda dünyada müsəlmanların niyə lazım olduğu kimi güclü olmadıqlarının da əsl səbəblərindən biri bildirilir: "Birlik ruhu içərisində olmamaq"

 

Əgər bütün müsəlmanlar vahid halda birləşib güclənərsə; İslam ölkələrini inkişaf etdirmək, abadlaşdırmaq və inşa etmək; zülmə məruz qalan müsəlmanlara kömək etmək və onları qorumaq üçün lazımi şəkildə fikri mübarizə aparmaq; İslamın gətirdiyi gözəl əxlaqı bütün dünyaya ən gözəl şəkildə izah etmək; saxta İslam adına ortaya çıxan terrorizm kimi azğın cərəyanların qarşısını almaq; bütün bəşəriyyətə xeyir verəcək elmi, bədii, mədəni inkişaflara nail olmaq kimi bir çox müvəffəqiyyəti Uca Rəbbimiz müsəlmanlara nəsib edə bilər.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursinin ifadəsi; "İslam aləmi üçün əhəmiyyətli təhlükə, "cəhalət, zərurət (kasıblıq) və ixtilafdır". Bunları "sənət, bacarıq, ittifaq" yolu ilə məğlub etmək lazımdır. (Divan-ı Harbi Örfi səh. 15) İttifaq bəlkə də bunların içində ən əhəmiyyətlisidir, çünki ittifaq sayəsində bütün müsəlmanlar "sənət və bacarıqlarını", yəni bütün qabiliyyət və məlumatlarını birləşdirib, İslam dini üçün böyük xidmətlər göstərə bilərlər.

 

İslam aləminin keçmişdəki ehtişamına bənzər bir əzəmətin bu gün də yenidən yaradılması, müsəlmanların yenidən dünyaya işıq tutan "mədəniyyət və sivilizasiya liderləri" olmaları mümkündür. Şəxsi mənfəət narahatlıqlarını bir kənara buraxan, fərqlilikləri tolerantlıqla qarşılayan, gücünü və enerjisini yalnız İslamın, müsəlmanların və insanların xeyrinə istifadə edən, plüralizm tərəfdarı olan, razılığa gedən və sülhsevər bir mədəniyyət müsəlmanlar arasında hakim olsa, İslam aləmi 21-ci əsrin ən böyük mədəniyyətlərindən birini yarada bilər.

 

Sevgi, mərhəmət, anlayış, əzmkarlıq kimi İslam əxlaqının da təməli olan dəyərlər sayəsində, bu gün bir qisim müsəlman ölkələrində hakim olan despot rəhbərliklərin də sonu gələcək, mədəni və iqtisadi cəhətdən inkişaf baş verəcək və dünyanın müxtəlif bölgələrində təzyiq altına alınan, zülmə məruz qalan, amansızcasına qətlə yetirilən müsəlmanlar sülhə və təhlükəsizliyə qovuşacaq.

Öz daxilində birliyi təmin etmiş İslam aləmi, dünya sülhünün də zəmanəti olacaq, bəzi radikal ünsürlər və "mədəniyyətlər arası qarşıdurma" tərəfdarı olanlar nəzəriyyələrinə səbəb olaraq irəli sürə biləcəkləri mühiti tapa bilməyəcəklər. Bütün bunların nəticəsində isə, Allahın izni ilə Əsri-səadət dövrünün bir bənzəri 21-ci əsrdə yenidən yaşanacaq.

 

İSLAM BİRLİYİ MÜSƏLMANLARA İQTİSADİ GÜC VERƏCƏK VƏ HƏYAT SƏVİYYƏLƏRİNİ YÜKSƏLDƏCƏK

 

İqtisadi və texnoloji cəhətdən inkişafa ehtiyac duyan müsəlman ölkələrində sabitliyin təmin edilməsi üçün atılacaq ən əhəmiyyətli addım, İslam Birliyi altında birləşmə olacaq.

Şübhəsiz ki, iqtisadi əməkdaşlıq həm sabitliyin təmin edilməsi, həm də inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Bir çox müsəlman ölkənin vacib ehtiyacı, iqtisadiyyatının stabilləşməsi və möhkəm təməllər üzərinə qurulmasıdır. İslam aləmində sənayenin inkişafına əhəmiyyət verilməsi, lazımi sərmayələrin qoyulması zəruridir. Ümumi bir inkişaf layihəsi hazırlamağın lazım olduğu da açıq şəkildə görünür.

 

Təhsil, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya eyni anda inkişaf etməlidir. Bir tərəfdən iş sahələrini texnoloji cəhətdən inkişaf etdirməklə yanaşı, digər tərəfdən də işçilərin təhsil səviyyəsinin və keyfiyyətinin artırılması da təmin edilməlidir. Cəmiyyətlər daha məhsuldar olmağa təşviq etdirilməlidir. Bir çox müsəlman ölkələrində yaşanan yoxsulluğun, savadsızlığın, gəlirlərin qeyri-bərabər paylanmasının və digər sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasında iqtisadi əməkdaşlıqların böyük töhfəsi olacaq. Bu əməkdaşlıq, sərbəst ticarət sahələri, gömrük birliyi və ortaq bazarlar yaratmaqla qurula bilər.

 

İSLAM REGİONU ZƏNGİN YERALTI RESURSLARA SAHİBDİR

Müsəlman ölkələrinin böyük bir hissəsi dünya ticarət yollarının əhəmiyyətli kəsişmə və keçid bölgələrində yerləşir. Qara dənizi Aralıq dənizinə, Aralıq dənizi və Bəsrə körfəzini Hind okeanına birləşdirən boğaz və kanalların və Hind okeanındakı əsas keçid yerlərinin müsəlmanların nəzarəti altında olduğu düşünüldüyündə, İslam aləminin qlobal tarazlıqlar baxımından daşıdığı əhəmiyyət daha yaxşı başa düşüləcək.

Bura həmçinin neft, təbii qaz kimi strateji yeraltı resursları baxımından dünyanın ən zəngin torpaqlarının İslam regionunda olduğu həqiqəti əlavə olunduğunda, cədvəl daha da dəqiqləşir. Bu xüsusiyyətlərin hamısı İslam aləmi üçün böyük bir strateji imkandır və bu imkanların yaxşı dəyərləndirilməsi müsəlmanların dünya siyasətindəki fəaliyyətlərinin artması mənasını verir.

 

Yalnız Bəsrə körfəzi bölgəsi, bu günə qədər kəşf edilmiş dünya neft ehtiyatlarının 2/3-sini özündə cəmləşdirir. Neftlə yanaşı, Yaxın Şərqin, dünya qaz ehtiyatının təxminən 40%-nə sahib olduğu həqiqəti də nəzərə alınmalıdır. Həmçinin, Qafqaz və Orta Asiya ölkələri də təbii qaz və neft baxımından olduqca zəngin ehtiyatlara sahibdirlər. Müsəlman ölkələrinin bu üstünlüyü, bəzilərinə görə enerji əsri kimi adlandırılan 21-ci əsrdə daha da əhəmiyyət qazanacaq. Necə ki, İslam regionu sahib olduğu bu üstünlükdən lazım olduğu kimi faydalanmır.

 

MÜSƏLMAN ÖLKƏLƏRİNİN BİR-BİRLƏRİNƏ İQTİSADİ DƏSTƏK VERMƏLƏRİ İSLAM ƏXLAQININ BİR TƏLƏBİDİR

 

Bir çox müsəlman ölkələrində -zəngin ehtiyatlara baxmayaraq- istehsalı artıracaq və ya çıxarılan ehtiyatın ölkə sənayesində istifadə edilməsini təmin edəcək lazımi infrastruktur və texnoloji imkanlar qeyri-kafidir.

Müsəlman ölkələrinin iqtisadiyyatlarının fəaliyyəti və strukturları arasında müəyyən fərqlər vardır. Bəzi ölkələrin iqtisadiyyatı yeraltı zənginliklərinə (neftlə zəngin olan ölkələrdə olduğu kimi) əsaslandığı halda, bəzilərinin iqtisadiyyatı (coğrafi quruluşların əlverişli olmasından ötrü) əkinçiliyə əsaslanır. İqtisadiyyat strukturundakı bu fərqliliklər ortaq investisiyalar və təşəbbüslər sayəsində əhəmiyyətli bir zənginlik mənbəyinə çevrilə bilər. Bu da ancaq İslam Birliyi ilə təmin edilə bilər.

 

Məsələn, bir ölkədə neft çıxarıldığı halda, bəlkə də, başqa bir ölkədə bu neft istifadə ediləcək, kənd təsərrüfatı imkanları məhdud olan bir İslam ölkəsinin ehtiyacları da kənd təsərrüfatı zəngin olan ölkələr tərəfindən aradan qaldırılacaqdır. Beləcə, həm iş imkanları artacaq, həm də müsəlman cəmiyyətlərdə gəlir səviyyəsi yüksəlməyə başlayacaq. Həmçinin, müsəlman ölkələr arasında meydana gələcək bilik və təcrübə mübadiləsi bərəkəti artıracaq, texnoloji inkişaflardan bütün müsəlmanlar lazım olduğu kimi istifadə edəcəklər.

 

Müsəlman ölkələrin bir-birlərinə iqtisadi dəstək vermələri İslam əxlaqının bir tələbidir. Ehtiyac içində olana kömək etmək və sosial həmrəylik müsəlmanların əhəmiyyətli xüsusiyyətlərindəndir. Qurani Kərimdə bir çox ayədə "ehtiyac içində olanların qorunması" əmr edilmişdir. Cəmiyyət içindəki ictimai köməkləşmə cəmiyyətlərarası səviyyədə də aparılmalıdır.

İslam aləminin öz imkanlarını və güclərini birləşdirməsini təmin edəcək ortaq təşəbbüslər, ancaq mərkəzi bir qurumun liderliyi və koordinasiyası ilə həyata keçirilə bilər.

 

Bunun təmin edilməsi isə, İslami bir mədəni oyanışla mümkündür. İslam Birliyi həm bu mədəni oyanışa, həm də onun nəticələri olan siyasi və iqtisadi əməkdaşlıqlara rəhbərlik edəcəkdir.

 

Uca Rəbbimiz Quranda, ehtiyac içində olanların qorunub himayə edilməsini və köməkləşməsini əmr etmişdir:

 

“Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə verdiklərini azaltmasınlar…” (Nur surəsi, 22)

 

“Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin…” (Talaq surəsi, 7)

 

İslam ölkələri arasında qardaş olmağın şüuru ilə ediləcək əməkdaşlıqlar, müsəlmanlara rifah və bolluq gətirəcək, İslam aləminin illərdir ki, əhəmiyyətli problemlərindən biri olan yoxsulluğun aradan qaldırılmasını təmin edəcək.

 

 

İSLAM BİRLİYİ DİNCLİK VƏ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDƏCƏK

 

İslam Birliyi, həm müsəlmanlar arasında yaşanan mübahisələrin həllinə gətirib çıxaracaq, həm də müsəlmanlar ilə başqa qüvvələr arasındakı döyüş və qarşıdurmaların başa çatmasını təmin edəcək.

Dünyanın bəzi bölgələrində yaşanan qeyri-sabitlik, yalnız bu bölgəyə təsir etməklə kifayətlənməz, bütün dünyaya mənfi istiqamətdə təsir edər. İslam regionu məhz belə bir bölgədir. İslam aləminin hər hansı bir bölgəsində yaşanan problem də, bütün bu regiona bilavasitə təsir edir.

Yaxın Şərqdə yaranan bir gərginliyin təsiri Şimali Afrikada hiss edilir. Xəzərdə baş verənlər Yaxın Şərq bölgəsinin gələcəyinə təsir edər. Bəsrə körfəzində baş verən hadisələr Cənub-Şərqi Asiyanı bilavasitə maraqlandırar. Bu da, müsəlman regionunun hər hansı bir bölgəsində qarşıdurma, problem, gərginlik varsa, bunun narahatçılığının bütün İslam aləmində hiss ediləcəyi mənasını verər. Əlbəttə ki, eyni şey sülhə də aiddir. Uzun müddət davam edən gərginliklərin, -məsələn, Ərəb-İsrail probleminin– sülhlə nəticələnməsi, bütün İslam aləminə müsbət təsir göstərəcək.

 

20-ci əsr ərzində İslam aləminin böyük bir hissəsində, daimi bir döyüş, qarşıdurma və qeyri-sabitlik hökm sürdü. Bu dövr, ehtiyatların israf edilməsinə, iqtisadi tərəqqinin demək olar ki, dayanmasına, həyat səviyyəsinin çox aşağı enməsinə, hamısından əhəmiyyətlisi milyonlarla müsəlmanın həyatını itirməsinə gətirib çıxardı.

 

Hələ də bəzi müsəlman ölkələri arasında anlaşılmazlıqlar davam edir, vaxtaşırı olaraq gərginliklər də artır. Müsəlman ölkələrlə müsəlman olmayan qüvvələr arasındakı döyüş və qarşıdurmalar da böyük bir narahatlıq və qeyri-sabitlik səbəbidir.

 

SÜLH VƏ SABİTLİK ÜÇÜN HƏLL: İSLAM BİRLİYİ

 

İslam Birliyinin yaradılmasının müsəlmanlar üçün əhəmiyyətli faydalarından biri, bu birliyin müsəlman aləmində dinclik və əmin-amanlığın hakim olmasına vasitəçi olmasıdır. İslam Birliyi həm müsəlmanlar arasındakı münaqişə və anlaşılmazlıqları həll edəcək, həm də müsəlmanlarla başqa qruplar arasındakı müharibə, qarşıdurma və gərginlik hallarına razılıq və sülhlə son qoyacaq.

İslam Birliyinin İslam aləmində yaradacağı sülh sayəsində;

 

  1. Sülh zamanı hər ölkə müharibəyə ayırdığı büdcəni azaldacaq, bu pulu cəmiyyətin rifahı üçün xərcləyəcək. Bütün müsəlman ölkələri ortaq müdafiə paktının üzvü olacaqları üçün daha az büdcə ilə daha güclü müdafiə sistemi yaradacaqlar. Silah sənayesi və texnologiyası üçün qoyulan sərmayələr sağlamlıq, təhsil, elmi və mədəni inkişaf kimi sahələr üçün istifadə olunacaq.

Bununla da, əldə edilən qazancın çoxluğu rəqəmlərin nəzərdən keçirilməsiylə daha dəqiq ortaya çıxır: Yaxın Şərq ölkələrinin silaha ayırdığı illik məbləğ, Körfəz müharibəsinin baş verdiyi 1991–ci ildə 70,7 milyard dollar olmuşdur. Bu rəqəm sonrakı il 52,2 milyard dollara endi, lakin sonrakı illərdə yenidən yüksəlməyə başladı. 2000–ci ildə 61 milyard dollar olan müdafiə büdcəsi, 2001–ci ildə 72 milyard dollara çatdı.

2. İslam aləminin bəzi ərazilərindəki qeyri-sabitlik və münaqişələr digər ölkələrə axına səbəb olur. Əksər həkim, mühəndis, alim, sənətkar, yazıçı ölkələrində özlərini təhlükəsizlik şəraitində hiss etmədikləri üçün Qərbə köçür və işlərinə orada davam edirlər. Sülhün yaranması bu köçün qarşısını alacaq, yaxşı təhsil almış insanların köç etməsinin qarşısının alınması bu kəslərin fəaliyyətlərindən əvvəlcə müsəlmanların faydalanmasını təmin edəcəkdir.

3. Sülhün və sabitliyin hökm sürdüyü mühitdə müsəlman ölkələr bir-birlərinin təcrübələrindən daha çox faydalanacaqlar. Sülh, müsəlmanların hər sahədə güclərini birləşdirmələrinə, bir-birlərinin çatışmayan cəhətlərini düzəltmələrinə, bu səbəbdən də daha çox fəal olmalarına səbəb olacaq.

4. Sülh və sabitliklə birlikdə iqtisadi inkişaf da sürətlənəcək. Hal–hazırda bəzi müsəlman ölkələr arasında başda sərhəd problemləri olmaqla, müxtəlif problemlər yaşanır. Bu problemlər iqtisadi çətinliklərin artmasına səbəb olur. Məsələn, yeraltı resursların daşınması və dünyaya ixracında yaşanılan çətinliklərin təməli nəqliyyat yollarının təhlükəsiz şəraitdə olmamasıdır. Su resursları da eyni vəziyyətdədir. Müsəlman ərazisinin əhəmiyyətli bölgəsi olan Yaxın Şərqdə su mübahisəli mövzuların ən birincisidir. Halbuki, müsəlman ölkələrin bir-birlərinə dəstəyi və mübahisəli mövzuların razılaşma yolu ilə həll edilməsi, bu problemləri tamamilə gündəmdən qaldıracaqdır.

5. Sülh İslam regionu xaricində yaşayan müsəlmanları da gücləndirəcək. Dünyanın əksər ölkəsində İslam ən sürətli inkişaf edən dindir. Bu ölkələrdə yaşayan müxtəlif millətlərə mənsub müsəlmanların ittifaq yaratması Quran əxlaqının yayılmasını sürətləndirəcək, müsəlmanların yaşadıqları cəmiyyətlərin mədəni sahələrində daha fəal olmalarını təmin edəcək.

6) İslam aləmində yaradılan sülh digər dünya ölkələri üçün də nümunə olacaq. Beləliklə də, dünyanın fərqli bölgələrində yaşanan problemlər İslam dünyasını nümunə götürməklə dinc yollarla həll ediləcək. Müsəlmanlar, həqiqi Quranın gətirdiyi gözəl əxlaqla yaşayarsa, insanların hüzura və əmin-amanlığa qovuşacaqlarının canlı nümunəsi olacaq, insanlar İslamın sülh və sağlamlıq dini olduğuna şahidlik edəcəklər. İslam aləmindəki sülh, bəlkə də, əksər insanın gözəl əxlaqa meyil etməsinə vəsilə olacaq.

 

İSLAM BİRLİYİNİN YAXIN ŞƏRQ ÜÇÜN TƏQDİM ETDİYİ HƏLL

Siz bu sətirləri oxuyarkən Fələstində minlərlə müsəlmanın həyat mübarizəsi kəskin şəkildə davam edir. Yaxın Şərqdə yaşanan bu zülm İslam Birliyinin yaradılması ilə başa çatacaq.

 

FƏLƏSTİN, ORTA ŞƏRQİN QANAYAN YARASIDIR

20–ci əsrin əvvəllərinə qədər Osmanlı imperatorluğu tərəfindən ədalətli şəkildə idarə olunan Yaxın Şərq hal–hazırda dünyanın ən mürəkkəb, ən problemli ərazisidir.

20–ci əsrin ən böyük sərvəti olan neftin daha çox çıxarılmasıyla böyük əhəmiyyət qazanan Yaxın Şərq əsrin əvvəlindən bu günə qədər dünyanın ən qeyri-sabit, ən qanlı bölgələrindən biri olmuşdur. Yarım əsrdən çoxdur ki, minlərlə günahsız insan İsrailin törətdiyi terror, qırğınlar və işgəncələr nəticəsində həyatını itirib. Əksəriyyəti şikəst qalıb, heç bir günahı olmayan milyonlarla fələstinli evlərindən və yurdlarından sürgün edilib, mühacir düşərgələrində, aclıq hüdudunda, səfalət içində yaşamağa məhkum edilib.

Bütün dünyanın gözü qabağında hələ də davam edən bu zülmün həll edilməməsi və bölgədə həsrətlə gözlənilən sülhün yaradılması üçün bu günə qədər edilən bütün təşəbbüslər həmişə müvəffəqiyyətsizliklə nəticələnib.

 

ORTAQ STRATEGİYA İLƏ İRƏLİLƏMƏ

İslam Birliyinin Yaxın Şərqdəki Ərəb-İsrail qarşıdurmasına gətirəcəyi çox əhəmiyyətli bir həll var. İslam ölkələrinin ortaq strategiya yürütməsi, İsrailə Yaxın Şərqdə on illərdir yürütdüyü "davamlılıq üçün parçalama" strategiyasının və ya bir İslam ölkəsini digərinə qarşı tarazlıq ünsürü kimi istifadə etməyə çalışmaq kimi taktikaların bir nəticə verməyəcəyini göstərəcək. Bu da, İsraili Yaxın Şərqdə həqiqi bir sülh yaratmağa yönəldəcək. İsrail bu vəziyyətdə, 1967–ci il müharibəsində işğal etdiyi bütün ərazilərdən çəkilməyə və ərəb qonşuları ilə sülh şəraitində yaşamağa razı ola bilər. Bu, ərəblər üçün olduğu kimi İsrailli yəhudilər üçün də ən doğru yoldur.

Yaxın Şərqdə sülhün yaranması üçün həm ərəblər arasındakı radikal ünsürlər düzəldilməli, həm də İsrail təcavüzkar, işğalçı, imperialist siyasətindən imtina etməlidir. İslam Birliyi hər ikisini də təmin edə bilər.

Tarixdə İslami rəhbərliklər dövründə Yaxın Şərqdə yəhudilərlə müsəlmanların birlikdə sülh içində yaşadıqları unudulmamalıdır. Məsələn, Osmanlı imperatorluğu dövründə Qüdsdə və ya Fələstinin digər şəhərlərində çoxlu yəhudi yaşayıb və aralarında düşmənçilik olmayıb. Problem, İsrailin bu mübarək torpaqlara tək başına liderlik etməyi hədəfləməsiylə başladı və bu hədəf Yaxın Şərqə hələ də qan və ölüm gətirir.

Şübhəsiz ki, hz. Yaqubun nəslindən gələn yəhudilərin ataları İsrail peyğəmbərlərinin torpaqlarında yaşamağa, bu torpaqlardakı bütün müqəddəs məbədlərində istədikləri kimi, sərbəst şəkildə ibadət etməyə haqları var. Lakin bu torpaqların hamısında siyasi liderlik etmək, bunun üçün bu torpaqlarda minlərlə ildir ki, yaşayan insanlara qarşı zorakılıq tətbiq etmək, onları yurdlarından çıxarmaq və bu torpaqları qorumaq üçün bütün Yaxın Şərqdə sabitliyi pozmağa çalışmaq çox yanlışdır.

 

İslam Ölkələri Birliyinin təqdim edəcəyi həll yolu;

1) İsrailin (Şərqi Qüds daxil olmaqla) bütün işğal etdiyi torpaqlardan çəkilməsi və İsrail ilə bütün ərəb ölkələri arasında sülhün elan edilməsi,

2) Fələstin torpaqlarının Fələstinin hakimiyyətində olan qismində (məsələn, Şərqi Qüdsdə, Əl-Xəlildə və İordan çayının qərb sahilində) yəhudilərin ibadət yerlərinin diqqətlə qorunması və yəhudilərin (həmçinin xristianların da) bura sərbəst gediş-gəliş hüququnun olması,

3) İslam Birliyinin İsrail vətəndaşlarına yönələn hər cür terrorist hərəkata və hücuma mane olması,

4) İslam Birliyinin istər Yaxın Şərqdə, istərsə də dünyada anti-semitizmə qarşı mübarizə aparması, yəhudilərin dinclik və təhlükəsizliyini müdafiə etməsi kimi təməllərə əsaslanır. Bu cür əhatəli sülh planı tətbiq olunarsa, bir əsrdir ki, dinclik görməyən Yaxın Şərqə sülh və sabitlik gələcək, on illərdir ki, silahlara və döyüşlərə xərclənən pullar insanların xoşbəxtliyi, rifahı, sağlamlığı, təhsili üçün xərclənəcəkdir.

 

Bir sözlə, Yaxın Şərqdə sülhün yaranması üçün tərəflər mülayim və mehriban olmağı qəbul etməli, yəhudi irqçiliyindən və ya şovinizmdən xilas olaraq sülh üçün səmimi səy göstərməlidirlər. Bunun üçün lazım olan missiya isə İslam əxlaqının tarixdə Yaxın Şərqə öyrətdiyi üstünlüklərdə gizlənmişdir.

 

Yaxın Şərqdə sülhün yaranması nəticəsində Uca Rəbbimizin Quranda əmr etdiyi xoş və ədalətli rəhbərliklər qurulacaq.

 

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)

 

Allah sizi, din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizdən və onlara ədalətli şəkildə davranmanızdan çəkindirmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Mumtəhənə surəsi, 8)

 

İSLAM ALƏMİNƏ ÇAĞIRIŞ

İslamla gələn gözəl əxlaqın bütün dünyaya yayılaraq, dinsiz fəlsəfələrin fikirlə məğlub edilməsi, yer üzündən fitnənin qaldırılması ilə bütün bəşəriyyətə sülh və qurtuluşun gələcəyi günlər Allahın izni ilə çox yaxındır.

Dünya iqtisadiyyatındakı yeniliklər İslam aləmini çox böyük və əhəmiyyətli dəyişikliklərin gözlədiyini açıq şəkildə göstərir.

 

Hal–hazırda İslamiyyət, dünya mediasının xüsusi mövzusuna çevrilmiş, insanlığın diqqəti haqq dinə cəmlənmişdir. Dövrümüzdəki texnoloji imkanlar  həm müsəlmanların bir-birləriylə əməkdaşlığını asanlaşdırmış, həm də insanlara İslam əxlaqının gözəlliklərini izah etmələri üçün hər cür kütləvi informasiya imkanını yaratmışdır. Lakin digər tərəfdən də İslam aləminin bir hissəsində kasıblıq və cəhalət hökm sürür. Bundan faydalanan bəzi şəxslər “İslam adına” İslama zidd aksiyalar keçirərək, dünyanın gözündə müsəlmanları şübhə altında salırlar. İslam əxlaqına qarşı olan bəzi dairələr də müsəlmanların bu vəziyyətindən faydalanaraq onlara qarşı hər cür zülmü tətbiq edir və daha böyüklərini də planlayırlar.

 

Həll isə bütün müsəlmanları birləşdirəcək və onlara doğru yolu göstərəcək İslam Birliyinin yaradılmasıdır.

Bu, İslam Birliyinin yaradılması üçün çalışmaq hər müsəlmanın vəzifəsidir. Bütün müsəlman hökumətlər İslam Birliyinə hazırlanmalıdır. Digər müsəlman ölkələrlə aralarındakı əlaqələri inkişaf etdirməli və həqiqi İslam əxlaqının öz ölkələrində də daha yaxşı kök salması üçün mədəni fəaliyyətlər icra etməlidirlər. Bütün müsəlman qeyri-hökumət təşkilatları, müxtəlif təşkilatlar, vəqflər, media mənsubları, ictimai xadimlər; müsəlmanlar arasındakı ayrı-seçkiliyin aradan qaldırılması və birliyin yaranması üçün səy göstərməlidirlər. Dünyaya işıq saçacaq, həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara gözəllik verəcək, yer üzünə ədalət və sülh gətirəcək o böyük İslam mədəniyyətinin yenidən canlanması bütün müsəlmanların duasıdır. Allahın izni ilə İslam Birliyinin yaradılması bütün bu gözəlliklərə vəsilə olacaq. www.islamaxidmet.com

 

 

 

DÜNYANI GÖZLƏYƏN AYDINLIQ GƏLƏCƏK

 

Peyğəmbərimiz (s.ə.v)-in bəzi hədisləri və Quran ayələri qarşımızdakı dövrün Allahın izni ilə, dünya müsəlmanları üçün çox işıqlı olacağını müjdələyir. İslam Birliyinin yaradılması da bu müjdəli dövrün başlanğıcını sürətləndirəcək, yalnız müsəlmanların deyil, bütün cəmiyyətlərin bolluq və rifah içində yaşayacaqları yeni dövrün başlanğıcı olacaq. İndi yaşadığımız vəziyyət bu müqəddəs dövrün müjdəçisidir.

 

Müharibələr, yoxsulluq dünyanın fərqli yerlərində müsəlmanların zülmə məruz qalması, Peyğəmbərimiz (s.ə.v) tərəfindən 1400 il əvvəl xəbər verilən Axırzaman əlamətlərindəndir. Bu əlamətlərin reallaşması, yenə Peyğəmbərimiz (s.ə.v)-in  müjdələdiyi İslam əxlaqının dünyaya hakimiyyətinin yaxınlaşdığına işarə edir. (Ən doğrusunu Allah bilir.)

Bu vəziyyət müsəlmanları kədərləndirməməli və ümidsizliyə salmamalı, tam tərsinə şövq və həyəcanlarını artırmalıdır. Bu şövq və həyəcan bütün dünyanı sülh və hüzurla dolduracaq, İslam Birliyinin yaranmasına şərait yaradacaq.

 

GƏLİN BİR OLAQ

Bu müqəddəs vəzifəni yerinə yetirmək istəyən müsəlmanlar; gəlin müsəlmanların arasını düzəldək. Bir-birinin məscidində namaz qılmayan, salamlaşmayan, bir-birinin yazdığı kitabı oxumayan, kiçik fikir fərqliliyinə görə qardaşına düşmən kəsilən müsəlmanların arasını düzəldək. Bu cür süni ayrı-seçkiliklər aradan götürülsün. Allahın evləri olan məscidlər hər hansı qrupun və ya məzhəbin deyil, bütün müsəlmanların məscidi olsun. Hər müsəlman bir-biri ilə salamlaşsın, bir-biri ilə söhbət etsin. Bir-birinə xoş münasibət göstərsin, anlaşılmazlıqlar sona çatsın və bütün müsəlmanlar birləşərək, təvazökarlıq və tolerantlıq içində Allaha daha çox yaxınlaşmaq, Onun dininə daha çox xidmət etmək üçün çalışsınlar.

İslam Birliyi üçün çalışan müsəlmanlar Uca Rəbbimizin bu əmrini heç vaxt unutmasınlar:

 

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”. (Ali İmran surəsi, 103)

 

İSLAM BİRLİYİ TƏCİLİ SURƏTDƏ HƏYATA KEÇİRİLMƏLİDİR

 

Bu yazıda ifadə edilən çıxış yolunun tezliklə həyata keçirilməsi çox əhəmiyyətlidir. İslam dini və müsəlmanlar haqqındakı bəzi yanlış anlayış və ön mühakimələr davam edir və bu, Qərbdə yaşayan müsəlmanlar üçün bəzi çətinliklər yaradır. Qərblilər isə terrorizm qorxusundan daim narahatlıq içində yaşayır, öz ölkələrində təhlükəsizlikləri təmin olunmur. Təcili surətdə bütün bu çətinlikləri aradan qaldıracaq həllə ehtiyac var.

 

Həll yolu isə bütün bu problemləri dinc yolla və daimi şəkildə həll edəcək İslam Birliyinin yaradılmasıdır.


ƏSAS SƏHİFƏ